Dopamin, oksitosin, serotonin və endorfinlər əhval-ruhiyyəmizə cavandeh olan beynin kimyəvi maddələridir. Bu kimyəvi maddələr həmişə hazır vəziyyətdə olurlar. Biz onları idarə edə bilmədiyimizi düşünürük, lakin elm sübut etdi ki, onları şüurlu şəkildə də hərəkətə keçirə bilərik.

Yaxşı və xoşbəxt bir zehin, həyatımızın gedişatına əhəmiyyətli dərəcədə təsir edir. Sağlamlığımız, uğur və xoşbəxtliyimiz bizim özümüzdən asılıdır. Gəlin biraz müsbət neyrotransmitterlərimizi stimullaşdırmağın yollarına baxaq:
Dopamin

Dopamin, bizi stimullaşdıran və hərəkətə gətirən beyin kimyəvi maddəsidir.
Mükafat motivasiyasının, yaddaşın, diqqətin və hətta bədən hərəkətlərinin tənzimlənməsində rol oynayır. Dopamin çox miqdarda ifraz olunduqda, müəyyən bir davranışı təkrarlamağa sövq edən zövq və mükafat hissi yaradır.
Birini və ya bir şeyi sevdiyiniz zaman dopamin ifraz olunur. Piano çalmaq və ya rəngləmə kimi sevdiyiniz bir işi edərkən beyninizdə mükafat hissi meydana çıxır və dopamin ifraz olunur. Eyni şəkildə, məşq etməyin beyində dopamin səviyyəsini artırdığı sübut edilmişdir.
Qarşıya hədəflər qoyduğunuzda və bu hədəfləri tamamladığınız zaman dopamin aktiv hala keçir. Böyük hədəfləri daha kiçik hissələrə ayırsanız finiş xəttinə daha tez çatarsınız, bu da, kiçik hədəfləri tamamladıqda hər dəfə dopaminin ifrazına imkan verər.
Digər bir araşdırma meditasiyanın dopaminin ifrazına kömək etdiyini sübut edir.
Oksitosin

Oksitosin, sosial qarşılıqlı əlaqəni gücləndirməkdən əlavə, qan təzyiqini düşürür, ağrıya qarşı dözümlülüyü artırır və narahatlığı azaldır. Həm də vücudun böyümə və bərpasına kömək edir.
Oksitosinin artırılmasının bir yolu insanlarla fiziki təmasda olmaqdır. Bir araşdırmada masajın oksitosin səviyyəsini artıra biləcəyi və adrenokortikotropin hormon səviyyəsinin aşağı düşə biləcəyi təsbit edildi. Adrenokortikotropin, stress hormonu olan kortizolun ifraz olunmasını stimullaşdıran bir hormondur.
Dinləmək oksitosinin səviyyəsini artırmağın başqa bir yoludur. Hamımız istəyirik ki, kimsə qulaq asıb dediklərimizi təsdiq etsin. Başqasını dinləyərkən varlığınızı fiziki olaraq göstərdiyiniz zaman ikiniz arasında bir əlaqə qurulur və bu əlaqə oksitosinin səviyyəsini artırır.
Serotonin

Serotoninin əhval-ruhiyyəyə təsiri səbəbindən antidepresantların əksəriyyəti serotoninə fokuslanır.
Serotonin səviyyənizi qaldırmaq istəyirsinizsə, öz xoşbəxtliyinizə diqqət edin. Psixiatriya və Neuroscience jurnalında yayımlanan bir araşdırma, iştirakçıların xoşbəxtliyinin beynin sağ ön singulat korteksində yüksək səviyyədə ifraz olunan serotoninin sintezi ilə müsbət əlaqələndirildiyini bildirir. Bunun əksinə olaraq bildirilən kədər hissi beyindəki serotoninin sintezi ilə mənfi əlaqəlidir. Bu araşdırma, serotoninin sintezinə öz əhvalınızı dəyişdirərək təsir göstərə biləcəyimizi göstərən ilk hadisədir. Əhvalımız serotonin səviyyəsinə təsir göstərə bilsə də, həmçinin serotonin səviyyəsi də əhvalımıza təsir edə bilər.

Parlaq işıq beyninizdə serotonin səviyyəsini artıraraq sizi psixoloji çöküşdən xilas edə bilər. Parlaq işığa məruz qalmaq mövsümi depressiya üçün bilinən bir müalicə üsuludur, lakin işıq terapiyasının mövsümi olmayan depressiya üçün də təsirli olduğu sübut edilmişdir.
Məşqlər serotoninin səviyyəsini qaldıra bilər. Bunun səbəbi məşqin serotonin istehsal edən sinir hüceyrələrinin istehsal sürətini artırmasıdır. Beləliklə, serotoninin sintezi və ifrazı da artır.
“Bunlardan əlavə, gündəlik istifadə etdiyimiz sosial şəbəkələrin demək olar ki hamısı bəzi üsullarla insanların beyinlərində xoşbəxtlik hormonlarının ifraz olunmasını təmin edirlər. Məsələn, siz instagrama daxil olarkən kimlərinsə sizin paylaşımlarınızı bəyəndiyini göstərən simvollar görürsünüz. Həmin simvolları gördükdə istər istəməz beyniniz serotonin ifraz edir və siz həmin an xoşbəxt hiss edirsiniz. İnstagram və Facebook kimi sosial şəbəkələrin bu qədər populyarlaşması da məhz bu kimi manipulyasiyalar nəticəsində olur. Yəni, Mark Zuckerberg sizlərə hər gün müəyyən qədər serotonin satır))”
Endorfinlər

Endorfinlər, əsasən ağrıya cavab olaraq yüksəlir. Bunlar narahatlıq və depressiyanı azaltmağa da kömək edir. İdmanla yanaşı, gülüş də özünüzü yaxşı hiss etdirən kimyəvi maddələrin beyninizdə ifraz olunmasını təmin edir. Endorfinlər təbii ağrı kəsiciləridir və məşq endorfin səviyyəsini artırmaq üçün əla bir yoldur.
Gülüş nəinki endorfin səviyyəsini artırır, həm də kortizol səviyyəsini və stresin digər təsirlərini azaldır. Gülüş terapiyası, stress və əhval pozğunluqları üçün gülüşdən istifadə edən bir müalicə formasıdır.
İnsan bədənində endorfinləri artıran başqa bir amil ədviyyatlı məhsullardır. Ədviyyatlı yeməklər endorfin hormonunun ifrazına kömək edir. Ədviyyatlardan başqa, şokolad və banan da endorfin ifrazını artıran qidalardır.
Yazını bəyəndinizsə paylaşmağı unutmayın)
İstinadlar :
Xoşbəxtlik hormonlarını çox olduğu gözəl gələcək hamı üçün, halaldı qardaşıma😘😘
Bəyəntərəfindən bəyənildi 1 şəxs