Déjà Vu Nədir? | Matrix Xətası, Yoxsa Digər Tərəfdən Bir Mesaj?!

“Deja vu”(və ya “Dejavu”) düzgün yazılışı ilə “Déjà vu” fransız dilində “artıq görülmüş” deməkdir. Beləliklə, bunun mənası adında gizlidir: bu, həmin anda gördüyünüz və ya yaşadığınız bir hadisəni əvvəllər görmüş və ya yaşamış olduğunuz düşüncəsi və ya hiss halıdır. Şübhəsiz ki, siz də qarşılaşmısınız: “Bir dəqiqə, gözləyin, bu anı əvvəl də yaşamışam, xatırlayıram.” deyib başınızın qarışdığı vaxtlar olub.

Bu hadisənin səbəbləri insanlar arasında bir çox şəkildə izah olunur. Bəziləri bunu reinkarnasiya, asketizm və gələcəyi görmək kimi elmi olmayan və yalançı elmi cəhətlərə aid etsə də, populyar mədəniyyət bunu “Kainatın dinamikasının təhrifi, xətası” olaraq təyin etmişdir. Bəs həqiqət nədir? Déjà vu haqqında elm nə deyir?

Déjà Vu Nədir?

Elmi ədəbiyyatda deja vu ilk dəfə 1928-ci ildə Edvard Titchenerin “Psixologiya kitabı”nda təsvir edilmişdir. Dr. Titchener vəziyyəti belə izah edir:

Beyin, təcrübənin tam qavranılmasından əvvəl özlüyündə qismi bir qavrayış yaradır. Bu qismi qavrayış daha əvvəl də yaşanmış bir hadisə olduğu hissini yaradır.

Elmi cəmiyyətdə dejà vu, yadda qalan və ya yeni yaradılan bir xatirədən meydana gələn və yenidən yaşanılmış kimi bir hiss yaradan bir növ yaddaş qüsuru olaraq görülür. Buna görə də, bu mövzuda olan The Matrix filminin açıqlamasının həqiqətə ən yaxın olduğunu söyləmək olar. Filmdə Carrie-Anne Moss-un oynadığı Trinity xarakteri deja vunu belə izah edir:

Deja vu, ümumiyyətlə Matrixdə bir xəta baş verdiyini bildirir. Bir şeyləri dəyişdirdiklərində meydana gəlir.

Matrixin fəlsəfi əsasının şüur və reallıq arasındakı bir sorğuya əsaslandığını nəzərə alsaq, déjà vu-nun şüurumuzda meydana gələn gerçəklik və yaddaş qavramasında müvəqqəti bir səhv olduğunu izah etməsi olduqca düzgündür.


Yenə də çox sevdiyim bir serial olan “Dark” a toxunmaq istəyirəm. İzləyənlərin bildiyi kimi orada da Jonas’ın dediyi sözlərə baxaq:

Deja vu matrix xətasıdır, ya da ki digər dünyadan bir mesaj”

Matrix xətasına toxunduq, lakin paralel kainatların var olduğunu sübut edə bilmədiyimiz, bəlkə də heç vaxt edə bilməyəcəyimiz üçün bu kimi fərziyyələr, hələlik sadəcə elmi-fantastik film və serialların izləyici üçün ssenariyə əlavə bir rəng kimi qata biləcəyi bir spekulyasiyadan artığı deyildir.

2004-cü ildə edilən bir araşdırmaya görə, hər 3 nəfərdən 2-si həyatlarında heç olmasa bir dəfə deja vu görmüşdür.

Déjà Vu Necə Olur?


1928-ci ildən bu mövzuda bir çox fərziyyə irəli sürüldü. Bunlardan ən güclüləri və eksperimental bazaya söykənənlər yaddaşla əlaqəli fərziyyələrdir.

Qısa Müddətli Şüurun Qismən İtirilməsi.


1941-ci ildə edilən bir təcrübə, dejà vu’nun necə meydana gəldiyini gözəl şəkildə göstərir: Dr. Banister və Dr. Zangwill, təcrübəyə qatılanlara bəzi materialları göstərdi və öyrənmələrini istədi. Sonradan, hipnoz üsulu ilə huşsuzluqdan sonrakı şüursuz bir vəziyyət yaratdılar; Beləliklə, hipnozdan əvvəl göstərilən materiallar ilə bağlı yaddaş əlaqələrini zəiflətməyi hədəflədilər. Daha sonra subyektlərə hipnozdan əvvəl nümayiş etdirdikləri materialı yenidən göstərdilər və xatırlayıb-xatırlamadıqlarını soruşdular. 10 nəfərdən üçü əvvəllər bu materialları gördüklərini, ancaq harada gördüklərini xatırlaya bilmədiklərini və “dejà vu” yaşadıqlarını söylədilər.


Bənzərliyə Əsaslanan Təsvir.

Eynilə, 2008-ci ildə Dr. Cleary tərəfindən edilən bir araşdırmada, deja vu’nun yaddaş növlərindən biri olan “oxşarlığa əsaslanan təsvir” ilə əlaqəli olduğu göstərilmişdir. Sonradan, virtual reallıqdan istifadə edərək 2012-ci ildə edilən təcrübələrdə bu yaddaş növünün həqiqətən dejà vu ilə sıx əlaqəli olduğu sübut edildi. Virtual gerçəklikdə, o anda göstərilən bir mənzərənin ümumi konturu əvvəllər görülən, lakin tam miqyasında xatırlanmayan bir mənzərənin ümumi konturlarına uyğun gəlirsə, insan özünün dejà vu yaşadığını düşünür.

Şifrəli Şüur İtkisi.

Bəzi digər tədqiqatlar da bu nəticələri fərqli yollarla dəstəkləyir. Beynimiz mükəmməl deyil. Buna görə, vaxtaşırı səhvlər edir və yaddaşda olan məlumatlar korlana, təhrif edilə və ya silinə bilər. Ancaq bəzən yaddaşımızda olan məlumatlar şifrəli şüur itkisi (kriptoamnesiya) adlanan bir şəkildə silinir: Bu xatirələr əsasən silinir; lakin bunun bir hissəsi beyində qorunub saxlanılır. Sonradan bu xatirəyə bənzər bir vəziyyətlə qarşılaşdıqda, bu pozulmuş anı bir daha xatırlamağa çalışırıq. Xatirəmiz o anda yaşadığımıza çox oxşayır; buna görə də eynisi olduğunu zənn edirik; Digər tərəfdən, xatirəmiz həmin an yaşadığımızdan bir qədər fərqlidir, buna görə də olduğumuz anın fərqli olduğunu düşünürük. Bu da, dejà vu qavrayışı ilə tamamilə üst-üstə düşür.


Beyin Lobları Arasında Gecikmə.


Dr. Robert Efron kimi bəzi elm adamları dejà vu’nun iki beyin lobu arasında məlumatların işləmə sürətindəki mikrosaniyə fərqləri ilə əlaqəli olduğunu irəli sürdülər. Məlumatlarla qarşılaşdığımızda beynimizin sol və sağ lobları bu məlumatları öz strukturları daxilində işləyir. Ancaq gələn məlumatların çeşidlənməsi sol beynin müvəqqəti lobunda aparılır. Normalda beyin, sol beyinə birbaşa daxil olan siqnallarla sağ beyndən keçən siqnallar arasındakı vaxt fərqini (gecikmə) düzəldir. Beləliklə siqnalları sinxronlaşdırır. Ancaq bunu mükəmməl şəkildə edə bilmədikdə siqnallar arasında uyğunsuzluq yaranır. Bu, deja vu hadisəsinin səbəbi ola bilər.

Beynimizin iki lobunu bir-birinə bağlayan corpus callosum adlanan körpüdəki neyron şəbəkələrində yaranan pozuntular, hər iki tərəfin məlumatlarının vaxtında üst-üstə düşməməsinə səbəb ola bilər. Bu, iki siqnal arasında 10 mikrosaniyəlik bir fərqin olması lazım ikən, onlar arasında 15 mikrosaniyəlik bir fərqin olması ilə baş verir. Beyin bunun 10 mikrosaniyəsini düzəldir, lakin qalan 5 mikrosaniyəlik fərq déjà vu anlayışına səbəb olur. Şəxs, beləcə eyni hadisəni iki dəfə yaşadığını düşünür.


Yuxular.


Başqa bir izah, yuxularımızda yaradılan zəif xatirələrin gerçək həyatda bənzərləri ilə qarşılaşaraq saxta xatirələr yaratmasıdır. 2004-cü ildə Alan Braun tərəfindən edilən bir araşdırmada iştirakçıların deja vu təcrübələrinin 20%-inin yuxuları ilə, 40%-inin həm yuxuları, həm də real həyat təcrübələri ilə üst-üstə düşdüyü məlum oldu.


Xəstəlik Nəticəsi Deja Vu!


Sonda dejà vu-nun bəzi xəstəliklərlə əlaqəli olduğunu da qeyd etmək lazımdır. Tarix boyu dejà vu şizofreniya, stress və bəzi nevrozlarla əlaqəli olmuşdur. Təəssüf ki, onun bu xəstəliklərlə əlaqəsi tam aydınlaşmamışdır. Ancaq yan lob epilepsiyası(temporal lobe epilepsy) adlı bir xəstəliklə birbaşa əlaqəsi olduğu ortaya çıxdı. Bu əlaqəni araşdıran alimlər, dejà vunun həddindən artıq sinir elektrik boşalmasının nəticəsi olduğunu irəli sürdülər. Normalda, epileptik olmasa da, hər hansı bir şəxs orta epileptik tutma keçirə bilər. Bu cür elektrik boşalması hər hansı bir fərddə yaddaş səhvlərinə səbəb ola bilər. Deja vu hadisəsinin 10. xromosomda yerləşən LGI1 adlı bir genlə əlaqəli ola biləcəyi düşünülür. Bu geni daşıyan insanlar orta səviyyədə epilepsiya ilə qarşılaşa bilərlər.

Əlaqəli Mövzular və Nəticə


Səbəb nə olursa olsun, deja vu fenomeninin elmi izahı yalançı elm olan parapsixologiyanın iddia etdiyi hər hansı bir fövqəladə proseslə əlaqəli deyildir. Hər keçən gün neyroşünaslıq tədqiqatlarının genişlənməsi və güclənməsilə bu kimi izah olunmamış bioloji nüanslar üzə çıxır. Məsələn, bəzi dərmanların sinirlərə təsirinin deja vunu artırdığı müşahidə edildi. Beləliklə, yediyimiz qidaların sinirlərimizə təsiri də bu hadisələri izah edə bilər.

Bundan əlavə, mövzu ilə əlaqəli bir neçə nümunə də var. Məsələn, jamais vu (fransız dilində “heç görməmişəm” deməkdir) əvvəllər qarşılaşdığımıza əmin olduğumuz bir vəziyyətlə ilk dəfə qarşılaşırıqmış kimi bir hissdir. Bunu müəyyən dil pozğunluqlarında, huşunu itirmə və epilepsiya xəstəliyində görmək olar.

Jamais vu fenomenini öz üzərinizdə də müşahidə edə bilərsiniz: məsələn, “kitab” sözünü 60 saniyə ərzində təkrar-təkrar desəniz, bir müddət sonra həmin söz öz mənasını itirməyə başlayacaq. Ancaq təkrarlamağa davam etsəniz bir müddət sonra “kitab” sözünün əsl söz olduğuna belə şübhə etməyə başlayacaqsınız. Bu, jamais vu fenomeninə çox bənzər bir təcrübədir.


Presque vu (fransız dilində “dilin ucunda” mənasını verir) hamımızın tez-tez rastlaşdığımız, bir şeyi xatırlamağa çalışdığımızda həmin sözün “dilimizin ucunda” olduğu, ancaq xatırlaya bilmədiyimiz vəziyyətlərə verilən addır. Oxşar yaddaş problemləri yalnız görmə ilə deyil, həm də eşitmə ilə əlaqəli vəziyyətlərdə baş verə bilər. Məsələn, Deja entendu (fransız dilində “artıq eşidilmiş” deməkdir) əvvəl eşitdiyimiz bir şeyi eşitdiyimizi, lakin əmin olmadığımızı düşündürən bir vəziyyətdir. Nəhayət, Reja vu gələcəkdə bir hadisənin yenidən baş verəcəyini düşünmək hissidir.

Bu terminlərlə bağlı çox da elmi tədqiqat aparılmamışdır. Gələcək araşdırmalarla bunların səbəbləri daha da aydın bir şəkildə başa düşülə biləcəkdir.

Əgər yazımı bəyəndinizsə və belə məlumatlatın daha çox gəlməsini istəyirsinizsə, bunu başqaları ilə də paylaşa bilər və eyni zamanda bizi sosial şəbəkələrdən də izləyərək bizə dəstək ola bilərsiniz. Kim bilir, bəlkə biz də elə simulyasiyada yaşayırıq və bütün bu olanlar da matrix xətasıdır…)

İstinadlar :

https://evrimagaci.org/deja-vu-dejavu-nedir-bir-olayi-daha-onceden-yasadiginiz-hissi-neden-kaynaklanir-923/amp

Published by From Earth

If u see this, i've already done.

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: