Həyatımızda çox vaxt bizləri başqa insanlara bənzədirlər. Və ya başqalarından fərqləndirirlər. Bəs bizi başqalarından ayıran və ya başqalarına bənzədən xüsusiyyətlər hardan yaranır?
Bu kimi suallara cavab tapmaq üçün daha dərinlərə enmək lazım gəlir. Çünki insan orqanizmi milyardlarla hüceyrənin bir araya gəlməsi ilə meydana çıxır. Yaxşı, bəs bu hüceyrələri bir arada tutan, onlara nəzarət edən və bir bütün şəkildə bizi əmələ gətirən sistemin kökü haradan başlayır? Bunun üçün biz bir hüceyrə səviyyəsindən də qat-qat kiçik ölçülərdə birləşmələrə nəzər salmalıyıq. Bəli, doğru təxmin etdiniz, bu, məhz genetikamız ilə bağlıdır.
Bilirik ki, bizlər genetik başlanğıcımızı məhz valideynlərimizdən alırıq. İnsan orqanizmi 46 xromosomdan təşkil olunmuşdur. Ancaq biz bunu gələcək nəslə ötürmək istəsək, bizim xromosomlarımızın yarısı, yəni hər bir valideyndən yalnız 23 xromosom yeni fərdin başlanğıcı üçün istifadə olunacaq. Beləliklə, bizlər genlərimizin yarısını atamızdan, yarısını da anamızdan götürmüş oluruq ki, bunlar da özlüyündə sonradan bizim tam şəkildə, sağlam bir fərd kimi yaşamağımıza imkan verir. Bu barədə daha ətraflı gələcək yazılarımda mütləq danışacam. Amma indi gəlin varlığımızın təməlində duran üç fenomeni – DNT, Genom və Xromosom anlayışlarını nəzərdən keçirək.

DNT
DNT, ya da digər adı ilə Dezoksiribo Nuklein Turşusu, genetik kodu ehtiva edən uzun bir molekuldur. Resept kitabında hər yeməyin hazırlanmasına dair təlimatlar olduğu kimi, DNT də aid olduğu orqanizmin bədəni üçün lazım olan bütün zülalların təsvirini özündə ehtiva edir.

- Qısaca, DNT adlanan dezoksiribonuklein turşusu adlı kimyəvi maddə canlıların genomlarını əmələ gətirir.
- DNT, 4 əsas nukleotiddən ibarətdir. Bu əsaslar belə adlanır: Adenin, Sitozin, Quanin, Timin.
- Bazaların düzülüşü, yəni quruluş qaydaları genomdakı istiqamətləri təşkil edir.
- DNT, iki sapdan ibarət olan bir molekuldur.
- DNT, özünə məxsus, cüt bükülü bir quruluşa malikdir. Bu ikiqat spiral quruluş bükülmüş nərdivana bənzəyir.
- Hər bir sap, 4 təməl nukleotiddən ibarət uzun bir düzülüşdən ibarətdir.
- DNT molekul cütlüyü saplarının birində əsas nukleotid, digər teldə tamamlayıcı nukleotid yerləşir və bu, DNT nərdivanının pillələrini meydana gətirir.
- Bazalar həmişə eyni şəkildə cütləşirlər: Adenin Timin ilə; Sitozin isə Quanin ilə bağlanır.
- Hər bir əsas cütlük hidrogen rabitəsi ilə bir-birinə bağlanır.
- DNT-nin hər bir qolunun bir başlanğıcı və sonu olur.
- İki sap, sanki bir-birinə tərs yönlü(antiparalel) şəkildə uzanır. Buna görə baş hissələri ilə ucları qarşılıqlıdır.
- DNT cütləşməsi(replikasiya) zamanı iplər bir-birindən ayrılır.
- İkiqat spiral quruluşu, Rosalind Franklin və Maurice Wilkins köməyi ilə Francis Crick və James Watson tərəfindən kəşf edilmişdir.
- İnsan genomu 3,2 milyard DNT bazasından ibarətdir.
Genom
Genom, bir orqanizmin DNT molekulları, yəni genetik məlumatlarının bütünüdür. Hər bir genom, aid olduğu orqanizmin qurulması və inkişafını təmin etmək üçün lazımi məlumatlara malikdir. Bədənimiz milyonlarla hüceyrədən ibarətdir. Bu hüceyrələrin hər birində bizi yaradan təlimatlar var, sanki bir resept kimi. Bu təlimatlar bizim genomumuzdur və DNT-dən ibarətdir. Bədəndəki hər bir hüceyrə, məsələn bir dəri hüceyrəsi və ya qaraciyər hüceyrəsi eyni təlimatlar bütününü daşıyır.

- Genomdakı təlimatlar ümumilikdə DNT kodundan ibarət olur.
- DNT’yə canlı varlığın böyüməsini, inkişafını və sağlamlığını istiqamətləndirən unikal kimyəvi kod ehtiva edən bir struktur demək olar.
- Bu kod DNT-ni təşkil edən 4 nukleotid əsasının ardıcıllığı ilə müəyyən edilir. Əsaslar bunlardır: adenin, sitozin, quanin, timin.
- DNT, ikiqat spiral şəklində, qıvrılmış bir quruluşa malikdir.
- Hər bir DNT spiralı xromosom adlanan quruluşlarda cəmləşir.
- Xromosomlar hər bir hüceyrənin nüvəsində yerləşir.
- Zülalların “oxunaraq” birlikdə xromosom paketləri əmələ gətirməsinə imkan verən DNT seqmentləri genləri meydana gətirir.
- Genlər, göz rəngi və ya boy ölçüsü kimi fərqli-fərqli xüsusiyyətlərə nəzarət edir.
- İnsan genomu 3,2 milyard DNT əsasından ibarətdir və 23 cüt xromosomdan təşkil olunmuşdur.
Əgər bir gün genomunuzdakı 3.2 milyard hərfi çap etdirməyə qərar versəydiniz:
- 61 m uzunluğundakı kitab qülləsini doldurardınız.
- 500 səhifəlik telefon kontaktlarından 200-nü doldurardınız.
- Bunu oxumağınız 100 il vaxt tələb edərdi; təbii ki, hər gün 24 saat ərzində hər saniyədə bir hərf oxumaq şərti ilə.
- Əldə edəcəyiniz məhsulun uzunluğu 3000 km olacaqdı, yəni London və Canary adaları, Vaşinqton və Qvatemala, ya da New Delhi və Hanoi arasındakı məsafə qədər.

3000 km uzunluğunda bir lentiniz olardı.
Xromosom
Xromosomlar, canlı bədəndəki demək olar ki, bütün hüceyrələrin nüvələri içərisində olan DNT-nin sıx şəkildə bükülmüş paketləridir. İnsan 23 cüt xromosom daşıyır.

- Bakteriyalarda DNT hüceyrə daxilində sərbəst gəzir. Bitki və heyvan hüceyrələrində, DNT hüceyrə bölünməsi yaxınlaşdıqca xromosoma adlanan quruluşlara sıx şəkildə yığılır; digər vaxtlarda bir az boş, xromatin ip şəklində yatırlar.
- Xromatin ipləri şəklində DNT cütləşdikdə, eyni DNT-lər bacı xromatidləri kimi xromosom şəklini alırlar.
- DNT fraqmentləri nukleosomlar adlanan quruluşlar əmələ gətirərək bir rulona bükülmüş tellər kimi histon adlanan zülallara sarılır.
- Bu nukleosomlar daha sonra xromatin döngələrini meydana gətirmək üçün sıx bir şəkildə bükülür.
- Xromatin döngələri də bir-birinə bürünərək bütün xromosomu əmələ gətirir.
- Hər bir xromosomun iki qısa qolu (p qolları), iki uzun qolu (q qolları) və bir sentromeri vardır. Sentromer quruluşun mərkəzindədir və qolları bir arada tutur.
- İnsanlarda 23 cüt (cəmi 46) xromosom var. Bunların bir cütü cinsi xromosomlardır və qadınlarda XX, kişilərdə XY-dir.
- Cinsiyyət xromosomlarından kənarda qalan 22 cüt xromosom otosoma adlanır və bütün insanlarda eynidır.
- Hər bir xromosomumuzu təşkil edən DNT-də minlərlə gen var.
- Xromosomların uclarında telomerlər deyilən DNT seqmentləri var. Telomerlər xromosomların uclarını DNT-nin replikasiyası(cütləşməsi) zamanı, sanki bir qapaq əmələ gətirərək qoruyur. Bu qapağı ayaqqabı bağının uclarına yapışdırılmış plastik hissəcik kimi düşünə bilərsiniz.

Daha yaxşı anlamaq üçün, gəlin, genomu bir kitab kimi düşünək:
Onun XROMOSOM adlı 23 fəsli var.
Hər fəsildə GEN adlı minlərlə hekayə var.
Hər hekayə EKSON adlı paraqraflardan ibarətdir və bunlar INTRON adlı reklamlarla bölünür.
Hər paraqraf KODON adlı sözlərdən ibarətdir.
Və hər bir söz NUKLEOTİD adlı hərflərlə yazılmışdır.
Ümumiləşdirmə:
- Hüceyrə: Bütün canlıların əsas struktur, funksional və bioloji vahidi. Hüceyrələr bədənin quruluşunu təmin edir, qidalardan lazımi maddələri alır və həyat üçün vacib olan gündəlik funksiyaları yerinə yetirir.
- DNT: Genetik kodu ehtiva edən uzun bir molekul. Canlı bədəndəki bütün zülalların hazırlanması üçün lazım olan təlimatları özündə ehtiva edir.
- Xromosom: Hüceyrədə tapılan sapvari bir quruluşdur və zülal skeletinə bükülmüş uzun DNT molekulundan ibarətdir. Bakterial xromosomlar, əsasən, ilmək və ya dairə şəklində DNT-lərdən ibarətdir.
- Hüceyrə nüvəsi: Bütün eukaryotik(nüvəli) hüceyrələrin mərkəzindəki quruluş. Bu, özündə genomu ehtiva edir və sanki hüceyrənin nəzarət otağına bənzəyir.
- Gen: Bir molekulu, əsasən bir proteini meydana gətirməsi üçün məlumat daşıyan DNT seqmentidir. Bunlarda canlının fərdi xüsusiyyətləri üçün bir sıra təlimatlar olur. Məsələn, göz və saç rəngi kimi. İnsanlarda və digər mürəkkəb orqanizmlərdə genlər kodlaşdıran (exon) və kodlaşdırmayan (intron) hissələrə bölünür. Bu ayrı hissələr bəzi genlərin birdən çox növdə protein yaratmasına imkan verir.
Son olaraq demək istəyirəm ki, gəlin, birlikdə sual verək. Bəli, öz düşüncələrimiz də daxil olmaqla, bütün varlığımızı sorğulamağı öyrənək. Doğru bildiyimiz bütün yanlışları gözdən keçirək və xurafatı bir kənara qoyaraq həmişə ən doğru cavabı tapmağa çalışaq. Sonda hər şeyin əvvəl-axır bir cavabı olmalıdır və biz həmin cavaba doğru əlimizdən gəldiyi qədər irəliləyək. Elmi öyrənək, sevək və sevdirək. Çünki elm məhz paylaşıla bildikdə elm olur. Yazını bəyəndinizsə paylaşaraq Elmə dəstək ola bilərsiniz).
İstinadlar :
https://bilimfili.com/kromozom-nedir