Nə Üçün Yaşayırıq? | Maslow’un Ehtiyaclar Piramidası

Nə üçün yaşayırıq?
Niyə səhərlər dururuq, məktəbə və ya işə gedirik, günlərimizi, aylarımızı, illərimizi xərcləyirik?

Nə üçün çalışırıq?

Olduqca çətin suallardır, elə deyilmi? Bunlar insanların, xüsusən gənclik illərində tez-tez özlərinə verdikləri suallardır.

Yaşlandıqca suallar daha alçaq səslə soruşulmağa başlayır. Həyatın, işin, ailənin, uşaqların təlaşında artıq insanların eşitməkdən qorxduğu suallara çevrilir.

Ancaq düşünürəm ki, bunlar hər gün özümüzə verməli olduğumuz suallardır. Hər zaman unutmamalı olduğumuz ən vacib sual.

Nə üçün?

Xoşbəxtlikdən hamı kimi bu sualları verən, eyni zamanda özünəməxsus şəkildə cavab axtaran və bu cavabları nəzəriyyəyə çevirən biri var idi – Abraham Maslow!

Abraham Maslow

Sadə bir üçbucaqla özümüzü qiymətləndirmə bələdçisi yaradan, həyatlarımızı hər kəs üçün sual altına alan bir psixoloq.

Bu üçbucağın məşhur adı “Maslow’un Ehtiyaclar İyerarxiyası” dır.

İlk dəfə 1943-cü ildə nəşr olunan bu nəzəriyyə o vaxtdan bəri bir çox dəyişikliyə məruz qaldı, lakin orijinal şəkildə təqdim olunduğu 5 mərhələli ehtiyaclar iyerarxiyası dəyişməyib.

Beləliklə, gəlin bu beş mərhələyə bir-bir baxaq və bizim üçün nə demək olduğunu anlayaq.

Bu arada, siz də bu iyerarxiyada harada olduğunuzu soruşa bilərsiniz və bundan sonra nə edə biləcəyimizə birlikdə baxa bilərik.

Maslow əsasən bunu öyrənmək istəyirdi: İnsanı təslim olmamağa vadar edən, bizə motivasiya verən şey nədir?

Buna əsaslanaraq insanların ehtiyaclarına diqqət yetirdi və bu ehtiyacları ehtiyaclar piramidasında topladı.

Az əvvəl qeyd etdiyim kimi bu ehtiyacları 5 başlıq altında toplayır və yemək və içmək kimi konkret anlayışlardan özünü gerçəkləşdirmə kimi mücərrəd anlayışlara qədər bir sxem yaradır. Maslow’a görə, bu iyerarxiyada aşağıdan yuxarıya doğru gedən bir sıra var. Beləliklə, həyatda bu iyerarxiyadakı ehtiyaclarımızdan birini təmin etdikdə, növbəti səviyyəyə keçmək istəyi duyuruq.

Yaxşı, bəs bu səviyyələr nələrdir? Bəşəriyyət hansı ehtiyacları güdür? Əvvəlcə ümumi bir cəmləmə edək, sonra bunları real həyat nümunələri ilə əlaqələndirək.


1. Fizioloji Ehtiyaclar

Maslow’a görə, ilk və ən əsas ehtiyaclar, alt hissədə gördüyümüz və ən böyük sahəni əhatə edən fizioloji ehtiyaclardır.

Bunlar ən ibtidai ehtiyaclarımızdır. Doğulduğumuz anda ehtiyac duyduğumuz şeylər. Çox təməl düşünün. Yuxu, tənəffüs, qidalanma da daxil olmaqla. Bunlar insan bədənində homeostaz adlanan öz tarazlığının qorunması üçün lazımlı ehtiyaclardır. Yəni, soyuducusu boş olan bir insan üçün piramidanın digər səviyyələrindəki ehtiyacların əhəmiyyəti qalmır. Tam olaraq bu.

2. Təhlükəsizlik Ehtiyacı

Bu fizioloji və digər fiziki ehtiyacları ödədikdə, ikinci səviyyədə olan təhlükəsizlik və qoruma ehtiyacına ehtiyac duyuruq.

Təhlükəsiz bir mühit. Yenə də bu, körpəlikdən başlayan bir ehtiyacdır. Məsələn, hələ danışa bilməyən bir körpə üçün ən vacib şey təhlükəsiz və bilinən bir mühitdir. Daşınma, hər dəfə yeni insanlar, tərk edilmə… Bunlar, uşaqda daimi travmalara səbəb ola biləcək çox vacib mərhələlərdir. Yalnız körpələrdən danışmırıq. Bunlar insanların həyatları boyunca qarşılamağa çalışdıqları ehtiyaclardır. Təhlükəsiz bir mühitdə yaşamaq, maddi cəhətdən etibarlı olmaq, sağlam olmaq və ya qəza və xəstəliklərdən qorunmaq kimi ehtiyaclar davamlı olaraq davam edir. Təsəvvür edin ki, işdən çıxarıldınız və kənarda bir yerdə pulunuz yoxdur. Bu, həmin ehtiyaclarınızın əldən getdiyi mənasına gəlir.

3. Sevgi və Mənsubiyyət Ehtiyacı

Deyək ki, yaxşı bir işiniz var, təhlükəsiz bir yerdə yaşayırsınız və sağlamlığınız da yerindədir. Növbəti mərhələdə bizi sevgi və mənsubiyyət ehtiyacı qarşılayır.

Münasibətlərdən danışırıq. Bir əlaqəyə sahib olmaq, yəni həyatınızda birinin olması kifayət deyil. Bu münasibətin müsbət və sağlam bir tərzdə olması lazımdır. Hər mənada. Ailə, dostluq, sevgili, həyat yoldaşı, uşaqlar ilə münasibətlər. Varlığı daha mənalı edən münasibətlər. Nə qədər insanın olması vacib deyil. Güclü münasibətlər qurduğunuz müddətcə, bir qrupa aid olduğunuzu hiss etdiyiniz müddətcə bu ehtiyacı yerinə yetirdiyinizi hiss edəcəksiniz. Əlbətdə ki, əvvəlcə özümüzü sevməyin lazımlığından danışmağa ehtiyac belə yoxdur. Yalnız özümüzü sevdiyimiz və özümüzə mərhəmət göstərdiyimiz zaman başqalarının sevgisi və mərhəməti daha mənalı olur.

Biz də bu işdə yaxşıyıqsa – yaxşı bir ailəmiz, həyat yoldaşımız, dostumuz varsa, növbəti səviyyənin ehtiyaclarını ödəmə ehtiyacımız doğur.

4. Hörmət Görmə Ehtiyacı

Yalnız sevgi kifayət deyil. Başqa insanlar tərəfindən sevilməsək də, insan başqalarının ona hörmət etməsini istəyir. Gördüyünüz kimi, bu ən əsas ehtiyaclarımızdan biridir. Burada da bir az daha geniş düşünmək lazımdır. Hörmət dedikdə özünə hörmət, özünə inam və başqalarından aldığımız hörmətdən də danışırıq. Beləliklə, özümüzə hörmət və ya öz hörmətimiz olmadıqda, aşağılıq hissi yaranır və bu başdan bəri başqalarından alacağınız hörməti əngəlləyir.

İndi bir insanın həyatdan bütöv mənada zövq aldığı ən son və bötöv, xoşbəxt olduğunu söyləmək baxımından  ən vacib ehtiyacına gəldik. Piramidanın üstünə.

5. Özünü Gerçəkləşdirmə Ehtiyacı!

Bəli. Çoxları tərəfindən bu seçim, lüks və ya hətta lazımsız olaraq görülən özünü gerçəkləşdirmə anlayışı, insanın ən əsas ehtiyaclarından biridir. Maslowa görə də bir insanın hər mənada razı qalması üçün lazım olan bir ehtiyacdır. Yenə Maslow’a görə tarixdəki bütün müvəffəqiyyət qazanmış insanların ümumi xüsusiyyəti, bunu əsas ehtiyac olaraq görmələridir.

Özünüzü gerçəkləşdirmək nədir? Bunu sadəcə aşağıdakı kimi tərif edə bilərik:

“Öz potensial və bacarıqlarını tam həyata keçirmək, onları ən yüksək səviyyədə inkişaf etdirmək, həyatı tam yaşamaq, həyatdan zövq almaq.”


Ancaq buradakə fikir səhv anlaşılmasın. Bu özünü gerçəkləşdirmə ehtiyacı hər insan üçün fərqlidir.

Birisi üçün bu başqalarına kömək etmək ola bilər. Digərləri üçün musiqi və rəsm kimi yaradıcılıq sahələrində uğurlu olmaq ola bilər.

Beləliklə, bunu aşağıdakı kimi ümumiləşdirə bilərik. Özünü gerçəkləşdirən insan, həqiqətən inandığı, özünü inkişaf etdirmək istədiyi şeyləri digər təsirlərdən asılı olmayaraq edə bilən, bütün təməl ehtiyaclarını yerinə yetirən və indi özünü gerçəkləşdirmə ehtiyacını qarşılamağa başlayan və bunda həqiqətən müvəffəq olan bir insandır.

Maslow, hər kəsin fövqəladə bir zəkaya sahib olduğunu düşündüyümüz Einstein, Şekspir və Mozart kimi adların əslində yalnız özlərini tam həyata keçirmiş – gerçəkləşdirmiş insanlar olduğunu iddia edir.


Bu məqamda istəsəniz, sizi Əhmədlə tanış edim. Bəli, Əhməd. O, bizə ehtiyac piramidasını başa düşməyimizə kömək edəcəkdir.

Əhməd bir müddətdir aclıq və soyuqla mübarizə aparır. Həyatı çox çətindir. Ancaq xoşbəxtlikdən ailəsi sonradan bir iş tapa bilir, beləliklə istilik və yemək kimi təməl ehtiyaclara qovuşur. Piramidanın ilk mərhələsi beləcə həll olunur.

Ancaq Əhmədin yaşadığı məhəllədə cinayət hadisələrinin olma ehtimalı çox yüksəkdir. Davamlı silahlı qarşıdurmalar yaşanır və davamlı həyatını itirmə riski ilə üzləşir. Ancaq ailəsi daha yaxşı qazandıqları yeni bir iş tapır və beləliklə daha etibarlı bir məhəlləyə, etibarlı bir yerə köçürlər. Əhməd təhlükəsizlik ehtiyacını da qarşılayır.

Ancaq Əhməd bu dəfə biraz tənha qalır. Köhnə dostları üçün çox darıxır. Ancaq bir neçə aydan sonra yeni məktəbinə də öyrəşir. Bir çox yeni və çox yaxın dostu olur. Hətta məktəbin futbol komandasına da qəbul edilir.

Əhməd indi sosial olaraq sevilən və qəbul edilən bir insandır.

Ancaq futbol komandasında ilk vacib oyununu keçirərkən özünü çox stresli hiss edir. Özü ilə zarafat edilməsindən, uğursuzluqdan çox qorxur. Hər şeyə baxmayaraq, oyunu oynayır və çox yaxşı bir oyunla növbəti matçlarda komandanın daimi oyunçusu olur və hamı tərəfindən hörmət görməyə başlayır.

Futbolda o qədər uğurlu olur ki, milli komandalarda da oynaya bilir və çox əhəmiyyətli uğurlar əldə edərək çox yaxşı pullar qazana bilir. Bu şəkildə həyatdan daha çox zövq alır və özünü mükafatlandıra bilir. İstədiyi və ehtiyac duyduğu hər şeyi var. Güclü ailə bağları ilə fədakarlığın və yaxşılığın vacibliyini anlayan Əhməd, boş vaxtlarında xeyriyyə qurumları ilə məşğul olur, ehtiyacı olan insanlara maddi yardım göstərir… Özünü o qədər yaxşı hiss edir ki, bunu edərkən minlərlə insana çata bilir.

Təşəkkürlər Əhməd…

Bizə piramidanı daha yaxşı başa düşməyimizə yardımçı olduğun üçün. Bir çox insan üçün sadə və bəlkə də ekstrem bir nümunə ola bilər. Buna görə bu məqamda aydınlıq gətirməyimə icazə verin. Özünü gerçəkləşdirmək dedikdə məqsədim zəngin, məşhur və ya ulduz olmaq deyil. Bu mərhələ hər kəs üçün çox fərqlidir. Hər kəsin hekayəsi fərqlidir.

Buna görə də, bu məsələ anlaşılmazlığa çox açıqdır. Məsələn, müasir dünyada, xüsusən sosial mediada saxta bir özünü gerçəkləşdirmə təlaşı var. İnsanların əsas ehtiyaclarının ödənilib-ödənilməməsi barədə düşünmədən və ya bu məsələni həll etmədən, birbaşa “özünü gerçəkləşdirmə” mərhələsinə və ya bir azdan danışacağım şeydən daha yüksəyə qalxa bilməzsiniz.

Bu səbəbdən bu piramida psixologiyada çox mübahisələrə səbəb olsa da, çox vacib bir bələdçi olaraq görülməlidir.

Digər tərəfdən, bu piramidanın çox sərt qaydalarla düzəlmədiyini unutmaq olmaz. Əlbəttə, bu müddət həyatı çox uğursuz başlayan insanlar üçün çox fərqli işləyəcək. Əlbətdə ki, hər kəsin qarşılaşacağı çətinliklər çox fərqli olacaq, lakin bu piramida xüsusilə bir insan üçün ən yaxşı motivasiya mənbələrindən biri kimi göstərilir. Bir insanın ehtiyac duyduğu müsbət perspektivi dəstəkləmək üçün vacib bir səbəb.

Bu səbəbdən, çox subyektiv olduğu üçün tənqid olunan bu piramidanın əks olunması barədə biz də subyektiv şərhlər edə bilərik.

Xüsusilə bəzi cəmiyyətlərdə əksər insanların ilk iki mərhələni əsas həyat hədəfi kimi gördüklərinə şahid oluruq. Əminəm ki, yaxın ətrafınızda da saysız-hesabsız nümunə var. Başınızı qoyacaq bir eviniz və ya bir işiniz varsa, sağlamlığınız yaxşıdırsa, kifayətdir. Səhv başa düşməyin. Bu olmalıdır. Buna görə, gördüyünüz kimi, ən geniş yeri tutan ehtiyaclar bunlardır. Olmazsa olmaz təbii ki. Ancaq həyat sadəcə bunlardan da ibarət deyildir.

Həyat daha çoxudur. Bu səbəbdən də bədbəxt bir münasibəti və bədbəxt bir ailə mühiti olan insanlara “heç olmasa işin var, evin var, sağlamlığın yaxşıdır” demək mənasızdır. Bu insanın əsas ehtiyaclarından biri yoxdur. Bu təsəllilər bir şey demək deyil. Yoxsa “hörmət görmək istəyirəm” deyən və ya “özümü inkişaf etdirmək, şeir yazmaq, musiqi oxumaq istəyirəm” deyən bir insana “nəyinə lazımdır, özünü niyə boş yerə yorursan?” demək çox, amma çox mənasızdır. Bu, ən sadə formada, “acam, yemək istəyirəm” deyən bir insana “niyə yemək yeyirsən?” deməyə bənzəyir.

Və iş hətta burada da bitmir. Zamanla bu piramidaya “özünü gerçəkləşdirmə” mərhələsindən bir üst pillə də əlavə edildi. “Özünü aşma“. Potensialını dərk edərək və potensialını aşaraq fövqəladə bir iş görmək, bütün zəncirləri və tabuları qırmaq.

Bununla birlikdə, bu piramidaya əlavə edilmiş digər addımlar da var, ancaq bunu sizin sonrakı araşdırmalarınıza buraxıram. Öz tədqiqatlarınızı və öz şərhlərinizi əlavə edib bizimlə bölüşməyinizi istəyirəm. Ancaq əlbəttə ki, danışdığımız hər şeyi nəzərə aldığınız zaman.

Əlavə olaraq bildirmək istəyirəm ki, bu ehtiyacların bir piramida şəklində düzülməsi daha çox insanların rahat anlaması üçündür. Bu baxımdan bəzi yanlış anlaşılmalar olur. Məsələn, bəzən belə düşünülür ki, bu ehtiyaclardan birini tamamlamadan digərinə keçmək mümkün deyil. Bu təmamilə yanlışdır. Çünki, insan sosial bir varlıqdır və insan zəkası çox inkişaf etmiş bir şəkildədir. Yəni, bizlər bu ehtiyacları vəziyyətə və şəraitə uyğun olaraq dəyərləndirə bilir və beləcə bu ehtiyac pillələrinin bir neçəsini eyni anda paralel olaraq da idarə edə bilərik.

Zaman, “özünü qiymətləndirmə” zamanıdır. Həyatın nə qədər qısa olduğunu istər-istəməz unudur insan. Geriyə baxanda illərimizin boşa getdiyinə kədərlənmək əvəzinə bir şey etməliyiksə, bunu eləməyə elə indi başlamalıyıq.

Ona görə də bu dəfə səndən yenidən soruşuram:

Nə üçün yaşayırsan?…

İstinadlar :

https://bebarbilim.net/insan-ne-icin-yasar-maslowun-ihtiyaclar-hiyerarsisi/

Published by From Earth

If u see this, i've already done.

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: