AYIN QARANLIQ TƏRƏFİ, İCTİMAİYYƏT VƏ MEDİANIN AYIN YER ÜZÜNDƏN GÖRÜNMƏYƏN TƏRƏFİ ÜÇÜN TEZ-TEZ İSTİFADƏ ETDİYİ ÇOX MƏŞHUR (VƏ TAMAMİLƏ YALANDAN İBARƏT OLAN) BİR İFADƏDİR.
Qaranlıq, görünməz və bilinməyən olduğu üçün UFO və komplo nəzəriyyəçilərinin sevimlisidir. Ancaq ümumiyyətlə elm adamları tərəfindən istifadə olunan bir ifadə deyil, daha da əhəmiyyətlisi, elmi məqalələrdə belə bir ifadəyə rast gəlinmir.
Yer və Ay bir-birinə cazibə qüvvəsi ilə təsir edir, buna görə Ayın Yerdən yalnız bir üzünü görürük. Görə bilmədiyimiz hissənin günəş işığı almadığını düşünə bilərik. Unutmamalıyıq ki, Ay öz ətrafında fırlanan bir göy cismidir.
Ay, 1.54° orbit meyli ilə öz ətrafında fırlandığından, səthindəki hər bölgə zamanla Günəşə baxır və günəş işığı alır. Beləliklə, bu bölgəni təyin edərkən Ayın qaranlıq tərəfi söyləmək əvəzinə, Ayın arxa tərəfi və ya Ayın uzaq tərəfi deyilməsi daha doğu olacaqdır. Ayın qaranlıqda qalan bir üzü yoxdur. Dəqiq məlumatdır, yaya bilərsiniz…

1960-cı illərə qədər bu bölgəni Yerdən görə bilmədiyimizə və kosmik gəmi göndərə bilmədiyimizə görə müşahidə etmək şansımız yox idi. 1959-cu ildə; Sovet İttifaqı (günümüzdəki Rusiya ) üzərində yalnız kamera, radio cihazı, batareya və giroskop olan Luna 3 adlı kosmik gəmi ilk dəfə Ayın arxasını tədqiq etdi. Bugünkü standartlara görə sadə olsa da, iddialı bir quruluşa sahib idi. Kamerası foto filmlərlə şəkillər çəkirdi və çəkilən filmlər bu pilotsuz kosmik gəminin içərisində skan edilərək rəqəmsal məlumatlara çevrilir və radio dalğaları ilə dünyaya göndərilirdi.

Luna 3, cəmi 29 fotoşəkil çəkə bildi və Dünyaya qayıdarkən bunlardan 17 fotoşəkil təqdim edə bildi. Və 22 oktyabr 1959-cu ildə gəmi ilə əlaqə kəsildi. Atmosferə girib yandığı və ya bir müddət Yerin orbitində dövr etdiyi düşünülür.
1965-ci ildə yenidən Sovet İttifaqı kosmik gəmisi olan Zond 3 , Ayın arxa hissəsi ilə bağlı məlumatlarımızı artırdı. Lakin Zond uçuşlarının əsas vəzifəsi əslində Marsa çatmaq, Marsla Yer arasında olarkən kosmik gəmi ilə əlaqə qura biləcək bir texnologiyanın olduğunu göstərmək idi.
İki kameraya, infraqırmızı və ultrabənövşəyi spektrometrə, maqnitometrə, kosmik şüa detektoruna, günəş hissəcik detektoruna və meteorid detektoruna sahib olan bu kosmik aparat havaya qalxdıqdan 33 saat sonra Aya çatdı və xüsusilə Luna 3-ün fotoşəkil çəkə bilmədiyi yerlər başda olmaqla Ayın 68 dəqiqə müddətdə, Luna 3 ilə müqayisədə çox keyfiyyətli şəkillərini çəkdi. Doqquz gün sonra çəkdiyi şəkilləri bir neçə ay müddətində dünyaya ötürməyə davam etdi. Zond 3, Mars səyahətində dünyadan 95 milyon km uzaqlaşdıqdan sonra yenidən əlaqə qura bilmədi, buna görə əsas missiyası Mars olan Zond bu hədəfi yerinə yetirə bilmədi.

Zond 3 tərəfindən çəkilən fotoşəkillərdə Ayın arxasındakı dağlar, kraterlər və düzənliklər fərqlənirdi. Beləliklə, Sovet alimləri Ayın arxasındakı bir çox bölgəni adlandırdılar – baxmayaraq ki, bəzi adlandırmalar bir müddət Beynəlxalq Astronomiya Birliyində mübahisələrə səbəb oldu.
ABŞ, Ay Orbit Gəmi Proqramı çərçivəsində 1966-1967-ci illər arasında beş insansız kosmik gəmi göndərdi. Xüsusilə bunlardan ilk ikisi gələcəkdə insanlı araşdırmalar üçün eniş yerini müəyyənləşdirmək məqsədi daşıyırdı. Ayın orbit proqramında radiasiyanın intensivliyi, cazibə sahəsi və Ayın fiziki quruluşu və mikrometeorit təsir məlumatları araşdırıldı. Ayın arxa hissəsindəki geniş məlumatların əksəriyyəti isə Lunar Orbiter 5 ilə əldə edilmişdir. 633 ədəd yüksək keyfiyyətli, 211 ədəd orta keyfiyyətli fotoşəkil çəkərək, orbital gəmilər ümumilikdə Ay səthinin yüzdə 99-nun yüksək keyfiyyətli xəritəsini istehsal etdi. (Fotoşəkillərdə fərqlənə bilən ən kiçik nöqtə bir metr ölçüsündədir.) Bu kosmik aparatların hamısı Apollon uçuşları zamanı yarana biləcək rabitə təhlükəsinin qarşısını almaq üçün Aya düşürüldü.
Yalnız bir il sonra, 1968 – ci ildə Apollon 8 missiyası ilə ABŞ Astronavtı William Anders Ayın arxasını görən ilk insan oldu. Apollon 10-dan Apollon 17-yə qədər olan bütün kosmik gəmilərdəki astronavtlar da Ayın arxa hissəsini görmə fürsəti tapdılar.

Ancaq Yerdən baxanda Ayın arxasını görə bilmədiyimiz kimi, Yer də Ayın arxasından görünmür. Ayın ətrafında dövr edən bu kosmik aparatlar Ayın arxasına keçdikləri zaman Yerlə əlaqə qura bilmirlər. Apollon missiyalarında xidmət modulu kosmik gəmisi Ayın arxasında olarkən atəşlənirdi və kosmik gəmi yenidən görünənə qədər Houston ilə əlaqə qura bilmirdi. Dünyada, nəzarət qrupundakı insanlar, ünsiyyət qurula bilməyən bu həlledici anların olduqca gərgin olduğunu söyləyirlər. Əslində Ayın arxasına enməməyin əsas səbəbi budur. Rabitə çatışmazlığı, missiya nəzarətindəki hər hansı bir səhv davranış halında direktiv müdaxilə şansını əngəlləyir.
Ayın ön və arxa geologiyaları bir-birindən tamamilə fərqlidir və bu ən maraqlı xüsusiyyətlərdən biridir.

Ön tərəfdə çox gördüyümüz, yüzdə 31-i əhatə edən tünd rəngli düzənliklərdən arxa tərəfdə çox deyil. Sadəcə ərazinin 1 faizini tuturlar. Meteoritin səthə vurma intensivliyi xarici qabığı qırmaq üçün yetərli olduqda, maye daxili səth, yəni lava meydana çıxır və möhkəmləndikdə daha hamar və düz bir səth meydana gətirir.
Bu bazalt hissə tünd rəngdə görünür, çünki səthdəki yüksəkliklərlə müqayisədə dəmirlə olduqca zəngindir. Qədim astronomlar bu səth quruluşlarına Latınca dəniz mənasını verən mare (cəmdə maria ) adını vermişdilər, çünki həqiqətən də dəniz olduğunu zənn edirdilər.

Ayın arxa tərəfindəki ən gözə çarpan yerlərdən biri də Tsiolkovski krateridir. 185 km enindəki təsirli krater tünd rəngdə olduğuna görə gözləri tez cəlb edir. Kraterin ortasında 3200 m yüksəklikdə bir təpə var. Apollon 17 astronavtı və eyni zamanda bir geoloq olan Harrison Schmitt – Ay səthinə enən ilk və yeganə alim – digər alimlərlə birlikdə Apollon 17-nin Tsiolkovisky-yə enməsini istəmişdilər.

Xidmət moduluna kiçik rabitə peykləri qoyaraq Ayın arxa tərəfindən əlaqə təmin edilə biləcəyi fikrini irəli sürürdülər. Ancaq NASA bunu çox riskli hesab etdiyi üçün ön tərəfdəki Tauruss-Littrow vadisini seçdi. Diqqət çəkən ən böyük obyektlərdən biri də Mare Moscoviense, yəni Moskva dənizidir. Dərinliyi olduqca dərin olan bu toqquşma hövzəsinə, Ayın ön səthindəki hövzədən yaxın olanların sayı çox azdır.
Arxa tərəfdə daha dərin kraterlərə və dağ quruluşuna malik ikən, ön tərəfində bərkimiş vulkanik səthlər üstünlük təşkil edir və bu səbəbdən ön tərəf daha düzdür. Bunun səbəbi daxili səbəblərdən (cazibə kütləsinin yaratdığı istilik təsiri, magmanın asimmetrik kristallaşması) və xarici səbəblərdən də ola bilər.
Edilən simulyasiyalar göstərir ki, Theia fərziyyəsindən asılı olaraq Ay meydana gəlmədən əvvəl diskdə daha kiçik peyklər meydana gələ bilərdi. Aydan orta hesabla üç dəfə kiçik, çox kiçik bir nüvəli və ya ümumiyyətlə heç bir nüvəsi olmayan bir peykin, səsdən yavaş bir sürətlə Ayla toqquşması, bir krater meydana gətirmək əvəzinə bu şəkildə bir akretion ilə birləşmələrini təmin edə bilərdi. Belə bir hadisə, iki yarımkürədəki qabıq incəliyi və Ayın arxasındakı dağ quruluşlarının çoxluğu ilə də uyğun gəlir.
Bu gün kosmik agentliklərin peykləri Ayın ətrafında dövr edir, çox yüksək keyfiyyətlə şəkillər çəkir və elmi təhlillər apara bilirlər. Bu peyklər sayəsində Ayın quruluşu ilə bağlı fərziyyələr yoxlanılır və nəzəriyyələr inkişaf etdirilməyə davam edir. Ancaq Apollo 17-nin 1972-ci ildə qayıdışından bəri insanlıq Aya bir daha ayaq basmadı və hətta insanlı uçuşlarda Alçaq Dünya Orbitindən (yerdən 160-2000 km yüksəklikdən) kənara uzaqlaşmadı. NASA-nın pilotsuz sınaqlarına başladığı Orion kosmik gəmisi ilə, 2021-ci ildən sonra Alçaq Dünya Orbitindən Ayın orbitinə insanlı bir uçuş həyata keçirməyi planlaşdırır.
Beləliklə, yaxın 20 ildə bəşəriyyət yenidən kosmosu kəşf etməyə hazırlaşır. Əlbətdə ki, gedəcəyi yerlərdən biri də Ayın uzaq tərəfi olacaq. Yerin və Ayın təkamülünü daha yaxşı başa düşmək üçün bu kraterləri öyrənmək kritik əhəmiyyətə malikdir, çünki Ayın iki tərəfinin geologiyası tamamilə fərqlidir. Burada aparılacaq araşdırmalar nəticəsində düşündüyümüzdən daha mürəkkəb bir formalaşma prosesi yarana bilər.

Ancaq yuxarıda Ayın arxasından Yerlə əlaqə şansının olmadığını demişdik. Əlbətdə ki, bunun öhdəsindən gəlmək üçün bir yol var. Ay-Yer sisteminin L2 Lagranj nöqtəsinə yerləşdiriləcək bir peyk həm Dünyanı, həm də Ayı görə bilər və Aydan 65 min km aralıda olan bu nöqtədə sabit dayana bilər. (Yerdən təxminən 35 min km məsafədə yerləşən rabitə peyklərimiz kimi) NASA-nın Ay Elmləri İnstitutunun professoru Jack Burns, bu L2 Lagranj nöqtəsində peyk yerləşdirmə ilə başlayacaq – öncə robotik, sonra insanlı – L2-Uzaq bölgə missiyalarının Apollon proqramlarından çox daha ucuz olacağını və bu vəzifələrin bir çox ilki də bərabərində gətirəcəyini söyləyir.
Yazımızı bəyəndinizsə və bunu faydalı hesab edirsinizsə paylaşaraq elmə dəstək ola bilərsiniz. Elm üçün bizə maddi dəstək olmaq istəsəniz bigbangsci@gmail.com e-poçt ünvanımızla əlaqə qura bilərsiniz).
İstinadlar :
*Kozmik Anafor* https://www.kozmikanafor.com/ayin-karanlik-yuzu/